azia.az
azia.az

«Qalanını öz aralarında bölüblər» - QALMAQAL

7-01-2020, 11:34


«Qalanını öz aralarında bölüblər»
30-dan çox adamın özü, ya da övladı xaricdə təhsil almaq istərkən aldadılıb ziyana düşdüyünü iddia edir. Söhbət özəlliklə Türkiyə universitetlərinə imtahansız qəbul olunmaq istəyənlərdən gedir. Deyirlər ki, bundan ötrü Bakıda fəaliyyət göstərən «Elit SRC Group»a pul ödəsələr də, həmin pullar da gedib, Türkiyədə oxumaq məsələsi də. Çoxları deyir ki, hələ, üstəlik, həm xərc, həm də əziyyət çəkib Türkiyəyə də gediblər. Orada görüblər ki, siyahıda adları yoxdur.
«Qalanını öz aralarında bölüblər» - QALMAQAL
Bütün bu olanlara görə bir nəfər cinayət məsuliyyətinə cəlb olunub. 30-yaşlı Rüstəm Kərimzadə ixtisasca diş həkimidir. O, 2012-ci ildə Azərbaycan Tibb Universitetini bitirəndən sonra öz ixtisası üzrə işləməyib, tanışı Ceyhunla birlikdə «The Times» MMC-ni təsis edib, xaricdə təhsilin təşkiliylə məşğul olub. 2013-cü ildə Ceyhundan ayrılıb, özü başqa tanışlarıyla «Elit SRC Group» MMC-ni təsis edib. Həm xaricdə təhsil, həm də həkimlərin təkmilləşdirilməsi kurslarının təşkiliylə məşğul olub.

47 min manatdan çox ziyan
Cinayət işinin materiallarında yazılıb ki, o və işçiləri müxtəlif yerlərdə, sosial şəbəkələrdə xaricdə təhsil elanlar verib. Türkiyədə oxumaq istəyənlər elanlarda göstərilən ofisə gəliblər. Onlara vəd verilib ki, ödəniş edib, Türkiyədəki təhsil müəssisələrinə imtahansız qəbul olunacaqlar, tələbə kimi orada müvəqqəti qeydiyyat, yataqxana, sığorta kimi məsələlər də həll ediləcək. Pullar əksər hallarda Türkiyədə olan Bəxtiyar Nəcəfovun və «Elit SRC Group»da daxili əmrlə icraçı direktor təyin olunan Gülminə İbrahimovanın bank hesablarına köçürülüb. Adları çəkilən şəxslərin də həmin pulları çıxarıb R.Kərimzadəyə verdiyi iddia olunur. İttihama əsasən, 34 nəfərə ümumilikdə 47 min 348 manat ziyan vurulub.

R.Kərimzadə həm də «Aztur Travel»in direktoru Tural Həsənovu aldatmaqda suçlanır. İddia olunur ki, Turaldan müxtəlif adamların adlarına 6 min 492 manatlıq bilet alıb, pulunu sonra ödəyəcəyini desə də, ödəməyib. Biletlər də, əsasən, Bakı-İstanbul, Bakı-Daşkənd, İstanbul-Daşkənd və s. istiqamətində olub.

Zərərçəkmiş Sevil Abdullayeva deyir ki, oğlu Cavid xaricdə təhsil almaq istəyib, həmin ərəfədə də Facebook-da bu şirkətin elanını görüb. Ofisə gedib, işçilərlə görüşüb. Mersin Universitetinin turizm fakültəsində oxumaq üçün 800 manat istəyiblər. Pulun yarısı öncədən, qalanı da məsələ həll olunandan sonra ödənilməliymiş: «Oğlum üçün 425 manat, sinif yoldaşı Aytən üçün isə 400 manat ödədik. Bir müddət xəbər çıxmadı. Bir xeyli keçəndən sonra dedilər ki, Adnan Menderes Universitetinə düzəldiləcək. Düzü, əvvəlcə etiraz elədik. Amma çarə yox idi, oğlumla birlikdə Türkiyənin Aydın şəhərinə getdik. Məlum oldu ki, orada qəbul alınmayıb. Oradan Çanaqqalaya getdik. Gördük ki, bizdən başqa da 38 valideyn var, işləri alınmır. Oradan Kastamonuya getdik. Başqa bir şirkətin vasitəsilə oğlum orada universitetə qəbul olundu».

S.Abdullayeva geri qayıdandan sonra Nəsimi rayonu, 21-ci polis bölməsinə şikayət edib.

20-yə yaxın universitetlə şifahi razılaşma olduğunu deyir
R.Kərimzadə özünü təqsirli bilmir. Deyir ki, adamları ondan xəbərsiz ofisdəki işçiləri aldadıb, pulları da onlar ələ keçirib. Onun sözlərinə görə, «Elit SRC Group»un başqa ölkələrdə (Özbəkistan, Qırğızıstan, Qazaxıstan və s.) də mərkəzləri açılıb. Bununla əlaqədar işləri çox olduğuna görə öncə onun şirkətində Almaniyaya təkmilləşməyə gedəcək həkimlərə alman dilindən dərs deyən Gülminə İbrahimovanı daxili əmrlə icraçı direktor təyin edib. Təhsil üçün müraciət edənlərlə söhbət edib, onlardan pul alanlar həm Gülminə, həm də Tünzalə Mönsümova, Yusif Novruzlu, Hikmət Məmmədov və başqa işçilər olub: «Türkiyədə 20-yə yaxın universitetlə şifahi razılaşmışdıq ki, onlara tələbə göndərək. Altınbaş, Yeni Yüzyıl, İstanbulkent, Antalya Bilim və başqa universitetlərlə tələbə qəbulu ilə şəxsən bağladığım müqavilələr olub».

Onun sözlərinə görə, Girəsun və Çanaqqala şəhərlərindəki universitetlərə qəbul olunmaq istəyənlərin işi alınmayıb. Öncə müqavilələr bağlansa da, sonradan deyilib ki, Girəsun Universitetinə getməsi nəzərdə tutulan 27 nəfərdən ancaq 16-sını götürə bilərlər: «Çanaqqala Universiteti ilə danışıqları Bəxtiyar aparıb. 38 nəfər göndəriblər. İş alınmayanda valideynlər gedib rektor köməkçisi ilə görüşüblər. Deyiblər ki, gəlib orada oxumaq üçün rüşvət veriblər. Rektorluqdan onları polisin yardımıyla çıxarıblar. 38 uşaqdan 25-ni Kastamonuya göndərmişəm, mənim köməyimlə orada qəbul olunublar. Qalanlar Bakıya qayıdıb, məndən şikayət ediblər».

«Qalanını öz aralarında bölüblər»
Zərərçəkmişlərin əksəriyyətinə dəymiş ziyanın ödənildiyini deyən R.Kərimovun ifadəsinə görə, 2018-ci ilin aprel-oktyabr aylarında 240 müqavilə bağlanıb. G.İbrahimova ona toplanan puldan ona 48 min manat göndərildiyini iddia etsə də, R.Kərimov bu rəqəmin 20 min olduğunu deyir: «240 müqavilə təxminən 154 min manat edir. Gülminə bunun 25 min manatını işçilərə maaş verib. 20 min mənə göndəriblər. Qalanını öz aralarında bölüblər...».

Şahid kimi dindirilən G.İbrahimova isə R.Kərimzadənin ittihamlarını rədd edir. Onun ifadəsindən həm də məlum olub ki, R.Kərimzadə Tibb Universitetinin Tədris-Cərrahiyyə Korpusunun 13-cü mərtəbəsində otaq icarəyə götürüb. Rüstəmin təklifiylə o, təkmilləşmə kursuna gələn tələbələrə həmin yerdə alman dilindən dərs deyib. O təsdiqləyib ki, Rüstəm onu daxili əmrlə direktor təyin etmişdi. G.İbrahimovanın sözlərinə görə, bu, formal idi və direktor kimi heç bir əlavə qazanc götürməyib.

Bu işlə bağlı məhkəmə araşdırmaları davam edir. R.Kərimzadənin ittiham olunduğu CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313 (vəzifə saxtakarlığı) maddələrində 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi