azia.az
azia.az

“Deputat olsam, çörək yeməyəcəm, qapı-qapı gəzib…” – Əməkdar artist

12-12-2019, 11:30


“Elnarə Abdullayeva çox mərd, saf, gözəl qadındır. Sadəcə olaraq onun danışması “loru” dilində olduğundan fikirləri başqa cür anlaşılır. O demək istəyir ki, pərdə aradan götürülməmiş gəlin getsin. Əgər, sən həyat yoldaşını sevirsənsə, onun anasına da hörmət qoymalısan”.
“Deputat olsam, çörək yeməyəcəm, qapı-qapı gəzib…” – Əməkdar artist
Bu sözləri əməkdar artist Firuzə İbadova həmkarı Elnarə Abdullayevanın “Gəlin qayınananın sözünü yeyə bilmirsə, evdən getsin” fikirlərinə münasibət bildirərkən deyib.
Musavat.com-un suallarını cavablayan sənətçi “Şabaş” filmində çəkilməsindən də danışıb:

“Aktrisa kimi filmdə rol almaq mənim üçün çox çətin oldu. Hər zaman demişəm ki, mədəniyyətdə ən çətin sahə aktyorluqdur. Aktyorlar 100 dəfə ölüb, 1000 dəfə dirilirlər. İş prosesini görəndə anladım ki, mən elə musiqiçi olsam yaxşıdır. Rafael, Coşqun onların işgüzarlığı məni valeh etdi. Ana olduğuma görə onlar üçün çox narahat idim. Çəkilişlər isti vaxtlara təsadüf etdiyindən iki qat çətin idi. Görürdüm ki, uşaqlar tərləyiblər, deyirdim bir damcı su için. Onu belə etmirdilər, çünki bütün fikirləri rollarında idi. Utanırdım onların yanında. Müşfiq məni açmaq üçün var gücü ilə çalışırdı. Qorxudan rahatlaşıb, obrazımı yaxşı oynamağa başladım. Hətta özümdən xüsusi bir “ştrix”da atdım. Bu kinodan sonra da filmlərdə çəkilməyi istəyərdim”.

– Son günlər müğənnilərin geyimləri müzakirə edilir. Onlar açıq-saçıq geyinməkdə ittiham edilir.

– İfa necədirsə, geyim də o cür olmalıdır. Əgər, kimsə açıq-saçıqlığa üstünlük verirsə, ona heç kim müdaxilə edə bilməz. Çünki biz nə desək də, heç nə düzəlməyəcək. Musiqi aləmində məhsulluğunu nümayiş etdirməlisən, soyunmağı deyil. Əgər, vaxtında məhsulumu nümayiş etdirməsəydim, indi səhnədə, tarixdə Firuzə kimi qalmazdım. Neçə-neçə ifaçılar mənə baxıb sənətə gəldilər. Musiqiçi olduğumdan hər zaman musiqimlə cavab verməyə çalışmışam. Açıq-saçıqlığa heç də yaxşı baxmıram. Xanım nə qədər qapalı olsa bir o qədər də sirli olar. Ola bilsin ki, o müğənninin vücudu açıq-saçıqlığa imkan verir, amma yenə də gərək, abartılı şəkildə olmasın. Çox olsa artıq tamaşaçının fikiri onun açıq-saçıqlığına yönələcək.

– Yaşlı sənət adamları hər zaman bildirirlər ki, o vaxt onlar ancaq sənətləri ilə gündəmdə olub. Amma onların vaxtında bu qədər telekanal, internet, sosial şəbəkələr olmayıb. Bəlkə, onlar da bu dövrdə yaşasaydılar, durum fərqli olacaqdı.

– Düzdür, bizim vaxtımızda belə deyildi. Adicə bir üzük taxıb efirə çıxırdıq onu belə barmağımızdan çıxarırdılar ki, birdən tamaşaçının fikri üzükdə qalar. Biz tam sadə formada sənətimizi nümayiş etdirirdik. Doğru olan bu idi.

– Qızınızın hicabı açması müzakirələrə səbəb oldu. Bununla bağlı siz qızınıza irad bildirdiniz, ya fikirlərinə hörmətlə yanaşdınız?

– Əslində, o nə başını bağlamışdı, nə də açmamışdı. Biz ziyarətə getmişdik. Orda da sözsüz ki, baş bağlanılmalıdır. Əhd etdik ki, ziyarətdən sonra 40 gün başımızı açmayacağıq. Yəni bu belə oldu. Fikirlərimi açıqlaya bilmirdim, məsələ də, qalmaqala səbəb olub, qınanıldı. Amma mən heç vaxt hicaba keçə bilmərəm. Çünki sənətimə mane olar.

– Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması üçün kampaniya başlayıb. Sizin aktrisanın bu addımına münasibətiniz necədir?

– Bunu 10 əlli istəyərdim. Çünki Afaq xanım dəyərli sənətkardır, aktyorların anasıdır, dərin zəkalı insandır. Ona qurban olum. O, bütün sənətçiləri düşünür. Hər kəsdən ona səs vermələrini xahiş edəcəyəm. Amma mən deputat ola bilmərəm. Çünki mən millət vəkili olsam, çörək yeməyəcəyəm. Aldığım pulu qapı-qapı gəzib paylayacağam. Sonra evdəkilər deyəcəklər ki, bəs biz?

– Mərhum sənətkar İlhamə Quliyevanın oğlu ilə uzun müddət qalmaqal yaşadınız. Hazırda münasibətiniz necədir?
– Orxan mənə olan borcunu qaytarmadı. Mənə borclu olan o pulu İlhamə Quliyevanın sənətinə görə Orxana halal etdim. Orxan uşaqdır, cavandır. Neyləyək, belə alındı. Eybi yoxdur. Dünya malı dünyada qalır. Halal xoşu olsun. Hər şeyin üstündən xətt çəkdim. Allah onun qapılarını üzünə açsın. Orxan da qaldı heçnəsiz. İlhamə xanımdan ona heç nə qalmadı. İlhamə onu övladlığa götürmüşdü. Heç olmasa ona nə isə verilməli idi.

– İlhamə Quliyevanın taxt-tacına sahib çıxmaq istəyən ifaçılar da az deyil.

– İlhamə xanımın taxt-tacı heç kimə yaraşmır. O taxt-tac yalnız ona yaraşırdı. Taxt-tac heç Sultan Süleymana belə qalmadı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi