azia.az
azia.az

Şeyx Əbdülün “homoseksuallar güllələnməlidir” fikrinə reaksiyalar

22-10-2019, 11:21

Psixoloq və partiya sədri problemin ən əvvəl qanunla tənzimlənməsini vacib sayırlar
“Homoseksuallar güllələnməlidir”. Bu sözləri Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) homoseksualların televiziya ekranlarına çıxmağı ilə bağlı mövzuya münasibət bildirərkən deyib. Xalq artisti modern.az-a açıqlamasında sözügedən şəxslər haqqında ağır cəzalar verilməli olduğunu bildirib.
Şeyx Əbdülün “homoseksuallar güllələnməlidir” fikrinə reaksiyalar
“Güllələnmə bərpa olunmalı və belə insanlar mütləq güllələnməlidir. Bu, nəinki Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, ümumiyyətlə, insanlığa zidd haldır. Bizim xalqımız hər zaman digər millətlərə öz qəhrəmanlığı, namusu, qeyrəti ilə dərs verib. İndi 4-5 nəfər geyi buraxıblar cəmiyyətə, onlar da istədiyi kimi davranıb, insanlara mənfi təsir edir. Bütün bu hallar qərəzdir və təxribatdır. Prezidentə müraciətimdə də qeyd etdim ki, ölkədə bu kimi halların qarşısı qəti şəkildə alınmalıdır. Fransız, alman kişiləri bir-biri ilə evlənirsə, özləri bilərlər. Lakin unutmaq olmaz ki, Tanrı hər bir xalqı fərd olaraq yaradıb, özəllik verib. Biz də dünyanın ilk mədəniyyət ocaqlarından, sivilizasiya nöqtəsindən biri olaraq əxlaq dəyərlərimizi, özəlliyimizi qorumalı, bu kimi təxribatlardan yan qaçmalıyıq”.

Qeyd edək ki, son illərdə ölkəmizdə homoseksualların fəallaşmasının şahidi oluruq. Əvvəllər mühafizəkarlıqla qarşılaşan homoseksuallar bu gün rahat şəkildə, qıcıq yaradacaq geyimlərdə ictimai yerlərdə dolaşa bilirlər. Ən pisi isə odur ki, cəmiyyətimizdə onlara tolerant yanaşmaqla bağlı təbliğat aparılır. Bu cür cinsi azlıqlar xüsusən Bakıda “boy” verməyə başlayıb. Bu azmış kimi, cinsi azlıq nümayəndələri vaxtaşırı bəzi televiziya verilişlərinə dəvət olunur, fikri və rəyləri alınır.

Məlum olduğu kimi, homoseksualizm əvvəllər xəstəlik kimi qəbul edilirdi. Hətta bu günün özündə belə Azərbaycanda buna xəstəlik kimi yanaşanlar və bir çox hallarda onun müalicəsinə cəhd göstərənlər də var. Belə ki, övladlarının cinsi azlıq olduğunu bilən valideynlərin əksəriyyəti məcburi onları həkim nəzarəti altına salmağa çalışır. Lakin artıq homoseksualizm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliklər sırasından çıxarılıb. Beləliklə, homoseksualizm xəstəlik sayılmamağa başlayıb. Bildirilir ki, homoseksualizm təbiətin bir hissəsidir və digər canlılar aləmində də mövcuddur.

Bir çox ekspertlər isə bildirir ki, homoseksualizmin təbliği cəmiyyətləri məhv etmək üçün bir Qərb texnologiyasıdır. Bildirilir ki, əslində Qərbdə homoseksuallara çox sərt reaksiya var. Sadəcə, həmin ölkələrdə onlara tolerant yanaşıldığı görüntüsü yaradılmaqla bunu inkişaf etməkdə olan, sağlam insanların çoxluq təşkil etdiyi cəmiyyətlərə sırıyırlar. Məsələn, hazırda Amerikada bəzi senatların cinsi azlığın nümayəndəsi olması gizlin deyil. Hətta onların arasında həmcinsləri ilə evlənənlər də var. O cümlədən Avropada bu cür cütlük olan baş nazir var. Hollandiyada həmcinslərin evlənməsi ilə bağlı qərar qəbul ediləndə Roma Papası “Homoseksualları olduğu kimi qəbul edin” deyə fikir bildirmişdi.

Qeyd etdiyimiz kimi, Qərb ölkələri homoseksualizmi tolerant qəbul etdiklərini desələr də, əslində öz cəmiyyətlərində əksəriyyət tərəfindən qəbul edilmir. Yəni bu məsələ qanunla qəbul edilsə belə, cəmiyyət özü bu qanunları çox zaman pozur. Artıq 14 Avropa və Qərb ölkəsində eynicinsli ailələrə eynicinsli ailələrə övlad saxlamaq hüququnu verib. İş o yerə çatmışdı ki, keçən il Fransa prezidenti Fransua Oland Senatın qəbul etdiyi eynicinslilərə övlad saxlamaq hüququnu verən qanunu təsdiq edəndə Parisdə bunun əleyhinə çıxış edən on minlərlə etirazçının arasında elə həmin cinsi azlıqların nümayəndələrinə rast gəlinmişdi. Rusiya prezidenti Putin isə zamanında homoseksuallarla bağlı kəskin bir mövqe bildirmişdi. Lakin onun bu mövqeyinə görə Soçi Olimpiya Oyunlarını bütün dünya boykot etmişdi. Sonradan prezident məcbur qalaraq bildirmişdi ki, “homoseksuallara xüsusi şərait yaradılacaq, gəlsinlər”.

Avropa və digər ölkələr homoseksualların hüquqlarını tanısalar da, onlara işgəncə və cəza tətbiq edən, hətta ölüm qərarı verən ölkələr də var. Məsələn, İran və Malayziya homoseksualların evliliyinə və münasibətdə olmasına görə ölüm cəzası verir. Birləşmiş Ərəb Əmirlikləri də bu qrup olan insanlara ölüm və ya ömürlük cəza verir. Sudanda isə bu cür hal aşkarlanarsa münasibət quran şəxslərdən birini digərinin gözü qabağında işgəncə ilə öldürür, daha sonra isə digərini edam edirlər. Bu ölkədə kişinin hansı səbəb olursa-olsun, qadın paltarı geyinməsinə icazə verilmir.

Barbadosda isə qaydalar daha sərtdir. Homoseksualların ölkəyə gəlişi də qətiyyətlə qadağandır.

Azərbaycana gəldikdə isə bəziləri onlara qarşı tolerant yanaşmağı, digərləri isə təzyiqlər göstərilməsini, hətta ödürülməsini, Xalq artistinin dediyi kimi, “güllələnməsini” təklif edir. Bəs cəmiyyətdə cinsi azlıq nümayəndələri ilə necə davranmalı?

Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışdı: “İlk növbədə bunu hamımız üçün qanun çərçivəsində qərar çıxarılmalıdır. Bu, qadağan deyil. Həmin şəxslər də Azərbaycan vətəndaşıdır və ona qarşı adi bir insan kimi davranmalıyıq. Əgər xoşumuz gəlmirsə, salamlaşmır, oturub-durmuruq, tərəfdarı deyiliksə, özümüzü bir qədər kənar saxlayırıq. Öldürmək, güllələmək, yandırmaq, bunların hamısı orta əsrlərdə qalıb. Sovet dövründə bu cür insanları məcburən müalicə edir və həbsxanaya da salırdılar. Bu, başqa məsələdir ki, homoseksuallığın təbliğatı qadağandır. Əgər kiminsə hərəkətində təbliğ xarakterli davranış görülsə, onu real məhkəməyə verə bilər. Təbii ki, bu məsələ yalnız qanun müstəvisində həll olunmalıdır. Məlum olduğu kimi, fərqli orientasiyası olan dahilər də var. Məsələn, onlardan biri məşhur rusiyalı bəstəkar Çaykovskidir. Onun əsərləri bütün insanlara təsir edir. Biz o əsərləri dinləyəndə düşünmürük ki, bəstəkar homoseksualdır, yoxsa yox? Deməli, təbliğat yoxdursa və bu insanın şəxsi işidirsə və bu şəxsi işi ilə evdən kənar məşğul olmursa, heç kəsə aidiyyəti olmamalıdır. Və yaxud o cür şəxslər televiziyada veriliş aparırsa, onun verilişlə bağlı fikirləri bizim üçün maraqlı olmalıdır. Əgər veriliş konkret olaraq homoseksuallığın təbliğatına yönəlibsə, kimlərsə bundan nazıdırsa, bu zaman məsələyə hüquqi əsaslarla yanaşmaq lazımdır”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə məsələyə bu cür mövqe bildirdi: “Milli Məclisdə bununla bağlı qanun qəbul edilməlidir. Bu məsələni ayrı-ayrı şəxslərin istəklərinə uyğun tənzimləmək olmaz. Bununla bağlı qanun olmalıdır və həmin şəxslərin hüquqlarının məhdudlaşdırılması və yaxud qorunması istiqamətində sərhədlər dəqiq müəyyən edilməlidir. Təbii ki, cəmiyyətin dəyərləri var. Kiçik qrupların mədəniyyətini millətin, xalqın dəyərlərindən üstün tutulmasına izn vermək olmaz. Onların televiziya ekranlarında mütəmadi görünməsi, təbliğata açıq olması və sairə, toplum dəyərlərinə ziddiyyət təşkil edir. Buna görə də bir daha qeyd edirəm ki, bu məsələni qanun tənzimləməlidir. Ona görə də hesab edirəm ki, Milli Məclis bununla bağlı qanun qəbul etməlidir”.

Qeyd edək ki, mövzu ilə bağlı bugünlərdə ADP sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu “Yeni Müsavat”a danışarkən qeyd etmişdi ki, cinsi azlıqlar öz davranışlarını ictimaiyyətdən kənarda, xüsusi yerlədə nümayiş etdirməlidirlər, əks halda, çoxluqların hüquqları pozulur: “Əslində gizli homoseksuallıq prosesi var, onların hüquqlarının qorunması üçün iş aparılır. Hər kəs seçdiyi yolu başqalarının seçdiyi yola qarşı qoyursa, təbliğata çevirirsə, kampaniya aparırsa, o halda biz onlarla mübarizə aparmalıyıq. Homoseksual cinsi kimliyini təbliğ edirsə, bu, insan azadlığı deyil. Aydın məsələdir ki, metroseksual homoseksualın hüquqlarına hörmət qoymasa da, o da sənə hörmət etməyəcək. Amma hamı konstitutsiyaya əməl etməlidir. Ankarada kənar ərazilərdə gecə klubları fəaliyyət göstərir. Bizdə də şəhərdən kənarda ola bilər. Amerikada bir ştatda qumarxana var. Elə restoran var ki, qalstuksuz, kostyumsuz adamı ora buraxmazlar... Homoseksuallıq müalicə olunmur, nə cəza, nə tərbiyə ilə düzəlir. Onu düşdüyü vəziyyətə görə qınaya bilmərik. Yeganə yol odur ki, onların öz mühitini yaradasan. Avropada cinsi azlıqların öz hamamı, barı, restoranı var. Amerikada Corc Taun qəsəbəsi var. Hamı bilir ki, qəsəbədə hamı homoseksuallardır. Qəsəbəyə girəndə görürsən ki, hamı qucaqlaşır. Amma kənara çıxsan, bunu görməzsən. Faciə o deyil ki, ölkədə fahişələr, geylər var. Faciə həmin cinsi azlığın özünü çoxluq istiqamətində inkişaf etdirməsidir. Məhz bu prosesin qarşısı alınmalıdır”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi