azia.az
azia.az

Nazir İmam Hüseyn üçün ağlaşma quranları pislədi, hücumlar başladı

1-08-2019, 18:36


Küçələr boyunca qara bayraqlar, sinə döyən kədərli adamların yürüşləri, insanları hönkürtülərə boğan mərsiyaxanlar – Məhəmməd peyğəmbərin 1400 il əvvəl öldürülmüş nəvəsini yad edən mərasimlər İranda məhz bu cür keçirilir.
Nazir İmam Hüseyn üçün ağlaşma quranları pislədi, hücumlar başladı
Bütün bunlar qadağan mövzu olsa da, heç də bütün iranlıların ürəyini açan mənzərələr deyil. Bunlardan biri - səhiyyə naziri Said Namaki axır ki, sözünü demək qərarına gəlib:“Biz şiələrdə 14 mövlud və 13 yas mərasimi var. Amma biz elə həmişə ağlamaq və kədərli olmaq istəyirik”.

Nazir bu sözləri ötən həftə İran tibb universitetləri başçılarının Məşhəddə keçirilən konfransında deyib. Namaki əlavə edib ki, “kədərli ab-havanın da bir əndazəsi” olmalıdır: “Bu depressiya çox sayda intihar və məişət zorakılıqlarına səbəb olur”.

Bu çıxışın ardınca sərt xətt-hərəkət tərəfdarları naziri Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseyni təhqirdə ittiham ediblər. Hüseyn 680-ci ildə Kərbala şəhərində baş vermis döyüşdə həlak olub. O vaxtdan bəri şiələr onun şəhadətini hər il Məhərrəm ayında yad edirlər.

Bir çox tənqidçilər bildiriblər ki, depressiyaların səbəbi dövlət tərəfindən dəstəklənən məhərrəmlik mərasimləri yox, İranın pisləşməkdə olan iqtisadiyyatıdır.
Nazir İmam Hüseyn üçün ağlaşma quranları pislədi, hücumlar başladı
Naziri ən çox tənqid edənlər də kütlələri ağlatmaqdan ötrü dövlətdən maaş alan mərsiyəçilərdir. Ali rəhbər ayətüllah Əli Xameneyinin məclislərində mərsiyəçilik edən Seyid Məcid Banifatemeh Namakini tövbə etməyə çağırıb və deyib ki, şiə müqəddəsləri üçün axıdılan göz yaşları və hüzn “bütün insanlar üçün qırmızı xətdir”.

Instagram-da 750 min izləyicisinə müraciət edən Banifatemeh deyib ki, dini yas mərasimləri depressiya yox, şadlıq və rahatlıqla nəticələnir: “Nazir unutmasın ki, tibbi müalicələrin bahalığı depressiyaların səbəblərindən biridir”.

Televiziya aparıcısı Əmir Hüseyn Sabeti keçmişdə Tehran Universitetində Bəsic qüvvəsinin başçısı olub. Bəsic şəriət qanunlarına əməl edilməsində dini hakimiyyətə dəstək verən ictimai polis qüvvəsidir.

O özünün Twitter postunda nazirdən soruşur : “Nə əcəb indiyədək bircə mərsiyəxan da ağlaşmaya görə depressiyaya düşüb intihar etməyib, amma İranın, yazıçı Sadeq Hedayat kimi daim gülüb-danışan ziyalıları intihar ediblər”.

Sərt xətt-hərəkət tərəfdarı olan ruhanilərdən Ehsan Biazar Tehrani isə Namakinin Hüseyn barədə “şəhid olub” yox, “ölüb” deməsindən hiddətlənib və nazirə ultimatum verib:“Sənin gəlib kameraların qarşısında dediklərinə görə üzr istəmək üçün 48 saat vaxtın var”.

Instagram-da 130 min izləyicisi olan Tehrani həm də boksçudur.

Bu sərt tənqidlərin ardınca bu ilin əvvəllərində səhiyyə naziri təyin edilmiş Namaki deyib ki, onun niyyəti kimisə təhqir etmək olmayıb və onun şərhləri düzgün başa düşülməyib.O deyib ki, İmam Hüseynin yas mərasimləri ilə yanaşı şiə müqəddəslərin ad günlərinin də qeyd edilməsini təklif edib.

Namakinin qeydləri İranda iqtisadi vəziyyətin və həyat səviyyəsinin son dərəcə pisləşdiyi dövrə təsadüf edir. Bu arada başqa hökumət rəsmiləri də iranlılar arasından ruh düşkünlüyünün artmasından gileylənirdilər.

Nazir əlavə edib ki, əslində onun hədəflənməsinə səbəb mərsiyə barədə dedikləri yox, səhiyyə sistemindəki 1, 3 milyard dollarlıq mənimsəməni araşdırmasıdır. (“Azadlıq” radiosu)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi