azia.az
azia.az

“Heç kim siyasi fəaliyyətinə görə təqib edilməməlidir...”

2-05-2020, 13:40

“Heç kim siyasi fəaliyyətinə görə təqib edilməməlidir...”
“Heç kim siyasi fəaliyyətinə görə təqib edilməməlidir...”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edib. Prezident yeni Baş prokurora ölkənin prokurorluq orqanlarında islahatların aparılmasının zəruriliyini çatdırıb. Və ölkədə başladılan siyasi dialoqdan danışaraq “heç kim siyasi fəaliyyətinə görə təqib edilməməlidir” deyib.

Sitat:

- Siz bu gün Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilirsiniz. Ümid edirəm ki, bu yüksək etimadı doğruldacaqsınız. Siz prokurorluq orqanlarında 30 ildən çoxdur ki, işləyirsiniz. Hələ sovet dövründən bu işə başlamısınız və son 6 il ərzində Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində çalışırsınız. Ümid edirəm, əldə olunmuş təcrübə sizə imkan verəcək ki, prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və islahatların dərinləşməsi istiqamətində nəticələr əldə edilsin.

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.

Bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır. Deyə bilərəm ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi