azia.az
azia.az

Dövlət orqanları saytlarının informasiya açıqlığı əlçatandırmı?

26-01-2021, 12:36

Dövlət orqanları saytlarının informasiya açıqlığı əlçatandırmı?

"Ümumilikdə dövlət orqanlarının saytları informasiya açıqlığının tələblərinə əməl edirlər, lakin bir qayda olaraq, maliyyə şəffaflığı barədə məlumatlar yoxdur."

Bu barədə Azərbaycanda Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Monitorinqinin yekun hesabatında gəlinən nəticələrdə deyilir.

“Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” Layihəsi çərçivəsində 10 dövlət qurumu, 18 nazirlik, 18 komitə, şirkətlər, komissiyalar, 7 dövlət xidməti, 16 agentlik və fond, 12 Açıq Səhmdar Cəmiyyəti (ASC) və Qapalı Səhmdar Cəmiyyəti QSC), Naxçıvan Muxtar Respublikasının şəhər və rayon icra hakimiyyətləri də daxil olmaqla, 10 qurumu, habelə 79 şəhər və rayon icra hakimiyyətinin monitorinqi aparılıb

Sənəd ümumilikdə 170 dövlət qurumunun, hüquqi şəxsin və yerli icra hakimiyyətləri orqannının rəsmi saytlarının monitorinqini əhatə edir.

Layihənin rəhbəri, hüquq sahəsində ekspert Ələsgər Məmmədli yanvarın 22–də ZOOM konfransında bildirib ki, layihə Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatının dəstəyilə Marşal Fondu tərəfindən həyata keçirilib.

Monitorinqin nəticələrini politoloq Nəsimi Məmmədli açıqlayıb.

O deyib ki, qiymətləndirmə "İnformasiya əldə edilməsi haqqında" qanuna və digər hüquqi aktlara uyğun olaraq 13 parametr və 59 meyar üzrə aparılıb.

Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Monitorinqinin yekun hesabatında qeyd edilib ki, saytların əksəriyyəti geniş məlumatı ehtiva edir. Saytların texniki imkanları və funksionallığı qənaətbəxşdir.

Lakin monitorinqin yekunu üzrə əldə olunan ümumi nəticələrdə əsas çatışmazlıqlar da yer alıb.

Əsas çatışmazlıqlar aşağıdakılardır.

1. Bir sıra dövlət qurumlarında hələ də "İnformasiya əldə edilməsi haqqında" Qanunun tələblərinə müvafiq olaraq informasiya infrastrukturu formalaşmayıb.

2. Dövlət qurumları bir qayda olaraq büdcəsinin xərclənməsi ilə bağlı informasiyaları gizli saxlayır.

3. Karantin müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial resursu vətəndaşların işsizliyin qeydiyyatı və sosial müavinət üçün müraciətlərinə keyfiyyətli xidmət göstərə bilməyib.

4.Şəxsiyyət vəsiqələrində e-imzanın aktiv edilməməsi problem olaraq qalır.

5. Ölkə üzrə keyfiyyətli internet xidmətinə əlçatanlıq problemi davam edir.

6. Regionlarda və xüsusilə də kəndlərdə geniş zolaqlı internet əsasən ADSL xidməti ilə köhnə mis telefon xətti üzərindən verilir. 1.7 milyon şagirdin keyfiyyətli distant təhsilində bu problem qabarıq göründü.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, saytlardan elektron qaydada informasiya əldə etmək üçün platformalar qanunvericiliyin tələblərinə uyğun formalaşdırılmayıb, demək olar ki, böyük əksəriyyət dövlət qurumu saytlarında müraciətlə informasiya sorğusu fərqli məsələlər olmasına baxmayaraq, ya eyniləşdirilib, yaxud əlavə şərtlər və tələblər qoyulub.

Sorğuçudan qanunvericilikdə tələb olunmasına yol verilməyən cinsi, təhsil vəziyyəti, sosial mənşəyi, şəxsiyyət vəsiqəsinin nömrəsi və digər əlavə informasiyalar məcburi bilgilər kimi tələb olunmaqdadır.

Onun sözlərinə görə, informasiya əldə etmək üçün zəruri olan elektron sorğuların qəbulu əlçatımlı və şərtləri yalnız qanunla nəzərdə tuutlan çərçivədə aydın olmalıdır.

Hüquq sahəsində ekspert Şəhla Hümbətova dövlət orqanlarının jurnalistlərin informasiya sorğularına reaksiyasından danışıb.

"Cəmi 56 sorğu olub və yalnız 19-na (34%) cavab verilib. Bu halda yalnız 15 sorğuya 19 cavab təmin edilib. Statistika göstərir ki, dövlət orqanları sorğulara cavab vermək öhdəliyini yerinə yetirmirlər," Hümbətova deyib.

Onun sözlərinə görə, jurnalistlər bəzən bu istiqamətdə təzyiq və təhdidlərlə üzləşir.

Şəhla Hümbətova bu göstərici üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini yaxşı nümunə kimi göstərib.

Araşdırma müəllifləri bir sıra tövsiyələr irəli sürüblər. Bunlar müəyyən edilmiş nöqsanların aradan qaldırılmasını və vətəndaşların informasiya hüququnun təmin edilməsini nəzərdə tutur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi