azia.az
azia.az

Ermənistanın qara günləri müharibədən sonra başlayacaq - GƏLİŞMƏ

4-11-2020, 12:17

Ermənistanın qara günləri müharibədən sonra başlayacaq - GƏLİŞMƏ

“Azərbaycanın Ermənistanın həyata keçirdiyi bütün illeqal məsələlərlə bağlı məhkəmə iddiası qaldırmağa və təzminat tələb etməyə tam hüquqi əsası var”. Bu barədə “Azia.Az”a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, Ermənistan 30 il ərzində Azərbaycanın tarixi irsinin dağıdılması, mədəni, dini abidələrinin məhv edilməsi siyasətini yürüdüb. Toponimləri, rayonlarımızın inzibati sərhədlərini, dağların, çayların və şəhərlərin adlarını dəyişib. Bu azmış kimi, qanunsuz məskunlaşdırma siyasəti yürütüblər ki, bu nəinki Cenevrə konvensiyalarının pozulmasıdır, həm də beynəlxalq cinayətdir.

Ekspert qeyd etdi ki, 12 avqust 1949-cu il tarixli IV Cenevrə Konvensiyasının müddəaları ilə yalnız yaralı və xəstələrin deyil, həmçinin əlillərin, ahılların, 15 yaşınadək uşaqların, hamilə və 7 yaşınadək uşağı olan qadınların müharibənin mənfi təsirlərindən qorunmasına yönələn kompleks tədbirlər təsbit edilib. Konvensiyaya görə, bu şəxslərin həyatına və fiziki toxunulmazlığına qəsd etmək, öldürmək, şikəst etmək, amansız davranmaq, işgəncə vermək, əsir götürmək, ləyaqətinə toxunmaq qadağandır. Ermənistan isə bunların heç birinə əməl etmir.

Bundan əlavə, mülki ərazilərin atəşə tutulması da beynəlxalq humanitar hüquq prinsiplərinin birbaşa və kobudcasına pozulmasıdır: “1977-ci ilin Cenevrə Konvensiyasının Əlavə protokolları həmin prinsipləri bir daha təsdiqlədi və təkmilləşdirdi. Burada fərq qoymaq prinsipi aydın şəkildə qeyd edilib və bildirilib ki, münaqişə tərəfləri mülki və hərbi obyektlər arasında fərq qoymalı və buna uyğun olaraq öz əməliyyatlarını ancaq hərbi obyektlərə qarşı yönəltməlidirlər. Ermənistanın Azərbaycanın dinc insanlar yaşayan şəhərlərini hədəfə alması həm də onu göstərir ki, bu dövlət üçün heç bir hüquq və beynəlxalq normalar yoxdur. Bu dövlət cinayətkardır və terrorçudur. Bütün beynəlxalq güclər və siyasilər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması, mülki əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam əməl etməklə beynəlxalq səviyyədə tanınmış ərazilərinin daxilində hərbi əməliyyat həyata keçirdiyini dəfələrlə qeyd edib.

Bütün bunlarla yanaşı, Ermənistanın terrorçu dövlət olduğunun daha bir sübutu da Qarabağın və ətraf rayonların işğal olunmuş kənd və şəhərlərində daşı-daş üstə qoymamaları, yağmalamalarıdır. Bu məsələ barəsində də Ermənistana qarşı məhkəmə iddiası qaldırmağa Azərbaycanın tam hüquqi əsası var. Belə ki, işğal olunan ərazilərdə evlərin sökülüb yerlə bir edilməsi müharibədə “yanmış torpaq taktikası” adlanır. Bu isə 1977-ci il Cenevrə konvensiyasının 1-ci protokolunun 54-cü maddəsi ilə qadağan olunmuş, insanlığa zidd hərəkətdir. Düşünürəm ki, bu istiqamətdə də əməli addımlar atılır, bundan sonra da atılacaqdır. Necə ki, Baş Prokurorluq tərəfindən mülki əhalimizin hədəf götürülməsi və həyatlarını itirməsi haqqında da baza formalaşdırılıb müvafiq instansiyalara təqdim olunursa, bu məsələ də hökumətin gündəliyindədir".

Ş.Həsənova dedi ki, ümumiyyətlə “yandırılmış torpaq” taktikasını Ermənistan indi də həyata keçirir: “Ermənistan o qədər barbar siyasət yürüdür ki, son günlər meşələri da yandırmağa başlayıblar. Onlar bu kimi iyrənc və qeyri-insani əməlləri tətbiq etməklə düşünürlər ki, Azərbaycan öz torpaqlarından əl çəkəcək. Qəti yanılırlar. Hətta Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında dərhal fərman da imzaladı. Göründüyü kimi, Azərbaycan dövləti öz torpaqlarının tarixi gözəlliyinə və abadlığına qovuşması üçün fasilə vermədən işlərə başladı.

Bundan əlavə, məlumatlara görə, dünyanın ən qədim insan məskənlərindən sayılan Azərbaycanın Füzulu rayonu yaxınlığında yerləşən Azıx mağarasında aşkarlanmış qədim insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri Ermənistan tərəfindən müxtəlif ölkələrə qanunsuz şəkildə satılıb. Bunun müqabilində isə həmin ölkələrin “alimlər”i öz əsərlərində Azıx mağarasını “erməni abidəsi” kimi qələmə verirlər. Düşünürəm ki, Ermənistanın həyata keçirdiyi bütün bu illeqal məsələlərlə bağlı torpaqlarımız tam azad edildikdən sonra Azərbaycan hökumətinin məhkəmə iddiası qaldırmağa və Ermənistandan təzminat tələb etməyə tam hüquqi əsası var".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi